Logo

"Azərbaycan müharibəni bitirsə də, mübarizəni  davam etdirir"

16.01.2023 09:35 749 baxış
IMG

"Əlbəttə, 2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsində ölkə başçısı elə məqamları, elə motivləri səsləndirirdi ki, onlar həm ölkə daxilində gedən proseslərə aydınlıq gətirdi, həm də dünyada gedən proseslərlə, müsbət və mənfi təsirlərlə bağlı bütün səbəbləri və onların ətrafında olan təsəvvürləri düzgün anlamağımıza imkan yaratdı.

Prezidentimiz bildirdi ki, müharibə bitsə də, mübarizə hələ davam edir. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artıb. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.

Azərbaycanın bütün proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.

Məlumdur ki, bizim siyasətimiz həmişə əməkdaşlığa hesablanmışdır. Erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda - həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı.

 Ölkə rəhbəri bildirdi ki, rəsmi İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz. Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir.

"2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq". 

Bu qərəzli münasibətin qarşısını almağa hazır olduğumuzu bildirən ölkə başçısı öz müsahibəsində qürurla Böyük Qələbınin qazanılmasını da xatırladıb. 

Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. 3 minə yaxın övladımız şəhid olmuşdur. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi.
44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır. Komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Xüsusi Təyinatlı Qüvvələrimizin sayını ən azı iki dəfə artırmışıq və artıracağıq.

Məlumdur ki, dünyada qlobal tənəzzül mövcuddur, ancaq buna baxmayaraq, Azərbaycan qabaqlayıcı tədbirlərlə bu təsirləri minimuma endirdi, bəzilərini, ümumiyyətlə, neytrallaşdırdı və həm də artım əldə etdi. Bunu təkcə biz demirik, Azərbaycan mənbələri demir, həm də xarici mənbələr təsdiqləyirlər. Ona görə də bu proseslərin əlbəttə ki, hamısının davamı gözlənilir.

Prezidentimizin söylədiyi kimi, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar.

Xalqımız əmindir ki, təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin nəticələri 2023- cü ildə də xalqımıza daha böyük töhfələr verəcək.

Əliyev Rövşən
Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri

Xəbər lenti